BƏNZƏRSİZ İRS, XƏZİNƏ- XINALIQ!
Etnoqrafik turizmin bariz nümunə və məntəqələrindən biri olan Xınalıq ucqar dağ kəndi son illərdə ekstrim həvəskarlarının diqqət mərkəzindədir. Xüsusilə çətin infrastruktur bu kəndə əlçatanlığı daha mürəkkəbləşdirir. Xınalıq kimi məxsusi yaşayış məntəqələri dünyada bir çox ölkələrdə qeydə alınmışdır. Uzağa getmədən qonşuluqda yerləşən qardaş Türkiyədə Qaradəniz bölgəsində yerləşən Quş dili kəndini bu siyahıya tərəddüdsüz əlavə edə bilərik. Daxili mühiti, adət və ənənəsi, özlərinin də adlandırdığı dili “Kətiş mitsl”, həyat tərzi, insanların bu coğrafiyanın xüsusiyyətlərinə əsasən formalaşmış xarici görünüşü Xınalığın sorağını çox uzaqlara aparmışdır. Kənd dəniz səviyyəsindən 2200 m yüksəklikdə yerləşən qədim yaşayış məntəqələrindən hesab olunur. Yüksəklik fərqinin çoxluğu həyat şərtlərini daha da çətinləşdirir. Nəzərə alsaq ki, insan dişi -30 dərəcə temperaturda çatlaya bilir bu temperaturda Xınalıq sakinləri sərt qışı keçirirlər. Tarixi irsin qorunması tam dövlət nəzarəti altında həyata keçirilsə də təəssüflər olsun ki, xınalıq dilinin daşıyıcılarının sayı zamanla azalmaq təhlükəsi ilə üz-üzədir. Kəndin ətrafında məskən salmış quş növləri, dağlar, məişət həyatı, yerli mətbəx yerli və əcnəbi turistlərin buraya üz tutmasının digər səbəblərindəndir. İl ərzində iyul və avqust ayları daxilində ənənəvi turist qruplarının bu kəndə səfərləri başlayır. Artıq uzun illərdir turist qəbul edən yerli əhali qonaqlama vərdişlərinə yiyələnmiş və bir çox turistik xidmətlə gələn qonaqlara öz qapılarını açmışdır. Siz də bütün bunları yaxından müşahidə etmək üçün yolunuzu Xınalıqdan sala bilərsiniz.