Turizmçilərin və turizmsevərlərin bayram günü!
Azərbaycanda belə bir atalar sözü var – “Çox yaşayan çox bilməz, çox gəzən çox bilər”.
Görəsən, doğrudanmı bu belədir?!
Aparılan araşdırmalar göstəriri ki, insanın gəzdiyi yerlər vizual yaddaşa həkk olunduqca, xatirələr kimi həmişə təzə və canlı qalır. Hər dəfə bu haqda danışmağa başlayanda gözlərin önündə canlanma yaranır.
Düzdür, insan oxuduqca maariflənir və hər hansısa məkan haqqında aldığı bilikləri sadəcə xəyalında canlandırır. Ancaq daha çox səfər etmək, dünyanın ən maraqlı məkanlarını, okeanları, dənizləri, şəhərləri, muzey və tarixi abidələri canlı görmək yaddaşlara ömürlük həkk olur. Bu səbəbdən səyahət insan həyatında daha çox iz buraxır. Elə bunun səbəbidir ki, turizm ən çox bəyənilən və sevilən sahələrdəndir.
Dünya tarixində ilk turislər əlbəttə ki, okeanları, dənizləri, yeni torpaq sahələrinin axtarışı ümidi ilə səhayətə çıxan səyyahlar olublar. Zaman keçdikcə insanların bir yerdən digər məkanlara inteqrasiyası, sonralar baş verən geridönüşlər tədricən turizmin geniş yayılmasına səbəb olub. Dünyada ilk turizm agentliyi 1841-ci ildə Tomas Kuk tərəfindən açılıb. İlk turizm təşkilatı isə 1925-ci ildə Cenevrədə formalaşıb. Müxtəlif adlar altında fəaliyyət göstərən bu turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi tanınıb. 9 il sonra, 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Elə həmin vaxtdan dünyanın bütün ölkələrində 27 sentyabr tarixi turizm təmsilçilərinin bayramı kimi qeyd edilir. Yəni, həmin gün turizmçilərin və turizmsevərlərin bayram günü sayılır.
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur. 2020-ci ildən isə həmin gün, yəni 27 sentyabr təqvim günü Azərbaycan tarixində yeni səhifə açıb. Həmin gün həm Şanlı Zəfərimizə aparan yolun başlanğıcı, həm də işğaldan adaz edilən torpaqlarımızı qanı ilə yoğuran, “Vətən cənə canım fəda” deyərək müqəddəs şəhidik zirvəsinə ucalan igidlərimizin Anım Günüdür.
Bu səbəbdən də uzun illər daxili turizm bazarında xüsusi tədbirlər fonunda qeyd edilən bu tarix 2020-ci ildən sonra yerli təqvimdə bir qədər yerini dəyişdi. Bu gün ilə əlaqədar tədbirlər planı artıq hər il sentyabr ayının son həftəsi üzrə öz missiyasını davam etdirməkdədir. Bir çox turizm şirkətləri də həmçinin bu tədbirlər planı çərçivəsində müharibə iştirakçıları və onların ailələrinin də iştirakına xüsusi həssaslıqla yanaşmaqdadır. Ümumiyyətlə, son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir. Bütün bunlara əsaslanaraq belə deyə bilərik - Bacardığınız qədər oxuyun və bacardığınız qədər səyahət edin. Çox oxumaq və çox səyahət etmək sizə dünyanın ən gözəl təcrübələrini yaşadacaq. Getdiyiniz yerlər sizi tamam başqa insana çevirəcək.