110 ölkə 700 qonaq

110 ölkə 700 qonaq


“ERATUR” Turizm Şirkəti Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib. 
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın 110-dan artıq ölkəsinin 700-dən artıq nümayəndəsi iştirak etdi. 



Bu beynəlxalq qlobal forum Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında yaradılıb. Artıq neçə illərdir ki, Bakı dünyanın müxtəlif mədəniyyətlərə aid din xadimlərini bir araya toplayaraq bəşəriyyəti narahat edən mühüm məsələlərin müzakirə olunduğu məkana çevrilib. Forumda çıxış edən Prezident İlham Əliyev bir daha dünya dövlətlərini həmrəyliyə dəvət etdi, sülh mesajı verdi.  
Ümumiyyətlə, bu beynəlxalq tədbir İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rol oynayır. 
Forumun bu gün bəşəriyyəti düşündürən və narahat edən çox vacib bir məsələyə – sülhə və təhlükəsizliyə həsr edilməsi təsadüfü deyil. Çünki dünyada baş verən müharibələr, qarşıdurmalar, yeni müharibə ocaqlarının yaradılmasına göstərilən cəhdlər sülhsevər insanları, dövlətləri ciddi düşünməyə və tədbirlər görməyə vadar edir.


Azərbaycan da hər zaman sülh istəyən dövlət kimi belə xoş təşəbbüslərlə çıxış edərək dünyanı birliyə, həmrəyliyə səsləyir. Məhz bu amillər Azərbaycana qələbə, uğurlar qazandırır.
Əminliklə söyləmək olar ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunun daha da yüksəlməsinə mühüm töhfə vermiş olacaq.