Səyahət sığortası nədir?

Səyahət sığortası nədir?

Səyahət sığortası vətəndaşın ölkədən kənarda istirahəti zamanı yaşana biləcək hadisələrdən sığortalanmasını, maddi, mənəvi zərərin ödənilməsini nəzərdə tutur. Səyahət sığortası üzrə sığorta ödənişi bir sıra hallar üzrə həyata keçirilə bilər. Bura sığorta olunanın ölkə daxilində və ölkədən xaricə səfər zamanı xəstələnməsi halında xərclərin tam və ya qismən ödənilməsi, bədbəxt hadisə nəticəsində sağlamlığın pozulması ilə əlaqədar zəruri tibbi xərclərin ödənilməsi, sığorta müqaviləsində nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərinin əvəzinin tam və ya qismən ödənilməsi daxildir. 

 “Turizm haqqında” mövcud (4 iyun 1999-cu il tarixli) qanunun 13-cü maddəsinə əsasən, turistlərin qəflətən xəstələnməkdən və bədbəxt hadisələrdən sığortalanması nəzərdə tutulub. Sığorta şəhadətnaməsi Azərbaycan dilində və turistlərin getdiyi ölkənin və ya ölkələrin dövlət dilində tərtib olunur. Səyahət sığortası, qanunun 12-ci maddəsində qeyd edilib ki, yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə (yerə) göndərilən turistlər beynəlxalq tibbi tələbatlara müvafiq surətdə lazımi tibbi yoxlamadan keçməli və təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvənd olunmalıdırlar. 

Sığorta şirkətlərindən verilən məlumatlara görə, Azərbaycandan xaricə gedənlər ən çox əyləncə mərkəzlərində zədələnirlər. Səyahət edənlər səfər zamanı aldıqları hər hansı xəsarətə, hətta günvurmaya görə də onlara sığorta ödənişi edilir. Belə hallarda tibbi yardımın xərcini sığorta şirkəti ödəyir. Elə buna görə də səyahətə gedərkən hər bir turist səyahət sığortası ilə sığortalanmağa diqqət yetirməlidir.