LONDON -həm də dünyanın ən bahalı şəhəridir
Dünyanın ən maraqlı şəhərlərindən biri olan Londonda olmusunuz?
London dünyanın ən bahalı və böyük şəhərlərindən biridir. Şəhər dinamikasının saat kimi işlədiyi, sıxlıq yaşanan, ancaq xaosun olmadığı müthiş bir meqapolisdir. Həftədə təxmini dörd dəfə yağış görən bu şəhərdə palçıq görməniz imkansızdır.
6 günlük tətildə nəqliyyat xərci - 180 manat
Hər şeydən əvvəl bunu deyək. Londonda gəzməyə başladığınızda tez-tez bu cümlə qarşınıza çıxacaq - “Mind the gap”. Mənası metro və dəmir yolu arasındakı boşluğa diqqət yetirmənizdir, ayağınız orada qalmasın. İngilislər bu hadisəni dəfələrlə yaşadıqları üçün fəlakətlərin qarşısını almaq məqsədilə sərnişinləri xəbərdar edirlər.Gələk metro və avtobusun gediş haqqlarına. Bizdə sərnişin daşımaları üçün “metro kartı” sisteminin eynisi burda da var. Buradakı adı “Oyster card”. Bu kart sizin göz bəbəyiniz olacaq. Çünki sərnişin daşımada bir keçid 2.40 paunddur, bizim pulla hardasa 5 manat 20 qəpik. Bir turist olaraq gəzsən, ən azı gündə 5-6 dəfə nəqliyyatdan istifadə edəcəksən, bu da günlük təxmini 30 manat edəcək.
6 günlük tətildə siz nəqliyyata 180 AZN pul xərcləyəcəksiz. Bunun əvəzinə, 5 paunda bir “Oyster card” alsaz, “həftəlik limitsiz” metro və avtobusdan istifadə edə biləcəksiz. London metrosu İsveçrə saatları kimidir, olduqca çətin və bahalı mexanizmdir.
Dünyanın ən bahalı kababı
Londonda hər iqtisadi səviyyədə yemək yerləri də tapmaq mümkündür. Minimum 9 manata gözəl ləzzətlər dada bilərsiz. Həyatınızı qurtaracaq şey isə Londondakı marketlərdir. London marketlərinin çoxunda “meal deal” deyilən bir tətbiq var. Bu kəliməni “yemək anlaşması” kimi tərcümə etmək olar. Bu tətbiqdə bir sendviç, bir içki, bir meyvə paketi (və ya çipsi) 3 paunda (7 manat) satılır.
Londondakı ən çox satılan yeməklər “meal deal”dir. Bundan əlavə, dünyanın ən kiçik ölkələrinin belə ləzzətlərinə London küçələrində rast gələ bilərsiz. Publarda isə alkollu içkilər 6 manatdan başlayır.
Kabab müsəlman ölkələrində yaransa da, dünyanın ən bahalı kababı Londonda hazırlanır. Məsələn, “Hazev” restoranında dünyanın ən bahalı kababı verilir, qiyməti 925 funt sterling - təxmini 2220 AZN.
Dünyanın ən bahalı univermağı da bu şəhərdədir deyirlər. Bura Londona yolu düşənlərin mütləq baş çəkməli olduğu, bahalı ətirlərin, minlərlə funt sterlinq qiyməti olan malların baş gicəlləndirici ab-havası ilə insanı ağuşuna alan bir məkandır. Yeddi mərtəbəli univermaq 2 hektar ərazini əhatə edir və burada təxminən 330 mağaza var.
Bu univermaq Londonun mərkəzində, ən bahalı ərazilərindən biri olan “Knighstbridge”də yerləşir. Bura şəhərin “Big Ben”, “London Eye” kimi ikonik turistik gəzinti yerlərindən biri sayılır. Bahalı nəsə almasanız da buraya gəlib univermağın digər bir bölməsində təzə-təzə bişirilən çörəyin qoxusunu duya bilərsiniz, ya da yuxarı mərtəbələrdə ev əşya və mebellərinin satıldığı bölmədəki 80-90 min manatlıq çilçıraqların bahalı daşları gözlərinizə işıq saça bilər.
Burada kiçik bankada satılan balın qiyməti 1500 funt sterlinqdir. Yəni bizim pulla təxminən 2000 manat. Burada meyvə-tərəvəz də satılır. Pomidorun kilosu 30 manat, balığın kilosu 300 manatdır.
Qətərin kral ailəsinə 1,5 milyard funt sterlinqə satılan məkan
Bunlara pulunuz çatmasa heyifsilənməyin, suvenirlərin satıldığı mərtəbədə 15-20 manatlıq stəkan və ya üstündə “Harrods” yazan qələm alıb özünüzə toxtaqlıq verə bilərsiniz.
Münasib qiymətə də rast gələk olur – 12 funta göbələk supu və 6 funta kofe. Hər şey adətən ultra zənginlər üçün nəzərdə tutulsa da, kiçik büdcəyə uyğun kiçik şeylər tapmaq da mümkündür.
Bura daha çox ərəblər, asiyalılar və digər xarici turistlərin gəldiyi məkandır.
Sonda onu da deyək ki, “Harrods” 1849-cu ildə ərzaq mağazaası kimi Henry Çarlz Harrod tərəfindən qurulub. 1800-cü illərin sonlarında genişləndirilib və bir çox yeni şöbələr əlavə edilib. 1985-ci ildə misirli Mohamed əl-F ayed “Harrods”u alıb və 2010-cu ildə onu Qətərin kral ailəsinə 1,5 milyard funt sterlinqə satmaq qərarına gəlib.