"Culture shock"

"Culture shock"

Zaman-zaman səyahət edən yaxınlarımızdan, ətrafda olan tanışlarımızdan eşitdiyimiz “CULTURE SHOCK” yəni mədəniyyət şoku bizim səyahət planlarımıza maneə ola bilərmi?

Səyahət etməyi bir çoxlarımız sevir və buna dair xüsusi planlar qurur, büdcəmizin bir hissəsini ayırırıq. Planlaşdırılmış səyahətin xoş detallarını öncədən bilsək də, potensial problemlərdən tamamilə xəbərsiz yola çıxırıq. Yol uzun, səyahət qısa... Əlbəttə ki, bu qısa tətildə fərqli mədəniyyətlər, təbiətin şıltaqlığı bizə “unudulmaz” bir səyahət hədiyyə edə bilər. Təbiətin şıltaqlığı qarşısında çarəsiz qalsaq da fərqli mədəniyyətlərin meydana gətirdiyi “Culture shock” səyahətsevərləri qorxutmamalıdır. “Culture shock” yəni mədəniyyət şoku hər bir insanın həyatında dərin və ya səthi yaşadığı, üzləşdiyi təbii psixoloji prosesdir. Yeni mühit, yeni dil, yeni insanlar, yeni məkan, yeni təbiət, daha öncə tanımadığımız, bilmədiyimiz yollar müəyyən qədər gərginliyə, təşvişə səbəb ola bilər.

Uzun illərin təcrübəsi göstərir ki, mədəniyyət şoku əsasən təhsil məqsədilə və ya fərdi səyahət edən şəxslər arasında daha çox müşahidə olunur. Dil, din, sosial həyat şərtləri sözügedən turistləri adaptasiya müddətinin sonuna qədər müxtəlif şəkillərdə duyğu pozulmalarına aparır. Nəzərə alsaq ki, həyatımızda baş verən kiçik dəyişikliklər belə böyük fərqlər yarada bilir, tamamilə fərqli mədəniyyətlə üz-üzə gəlmək isə mənəvi olaraq bizi sarsıda bilər. Bu şok, böhran dövrü zamanı bizi nələr gözləyir?

  • Yalnızlıq hissi
  • Kəskin duyğu dəyişiklikləri
  • İştahsızlıq
  • Darıxma hissi
  • Səbəbsiz narahatlıq və sıxıntı
  • Təlaş və ağlamaq istəyi
  • Assosiallıq
  • Ətrafda olan insanlara qarşı bağlılıq, ümid bəsləmə, yardım arzusu
  • Yeni mədəniyyətə qarşı qıcıqlanma
  • Üsyan xarakterli narazılıq, etiraz

Təbii ki, yuxarıda qeyd olunan xüsusiyyətlərin hər biri hər kəsdə tamamilə bu əhatədə deyil, səthi və ya dərin, müxtəlif miqyasda müşahidə oluna bilər.



Mədəniyyət şokunun ilkin xüsusiyyətlərinin hiss olunduğu andan etibarən bizi qarşıda 4 mərhələli  dövr gözləyir:
  • Müşahidə
  • Təşviş, təlaş
  • Qəbullanma
  • Qayıdış

Hər bir mərhələ özünəxas duyğu halı ilə birlikdə səyahət boyunca biri-birinə keçid halında bizimlə birlikdə səyahətin bir parçası olur. Qonaqlarımızı daha çox düşündürən isə “Səyahətimizi bu mənfi duyğuların kölgəsində qoymamaq üçün nələr edə bilərik?” sualıdır. Sizi də bu sual düşündürürsə faydalı ola biləcək tövsiyələrlə gəlin birlikdə tanış olaq:

  • Səyahətimiz başlamadan əvvəl potensial gərginliyin ola biləcəyini qəbul etmək və bunun qısamüddətli olduğunu özümüzə xatırlatmaq ilkin olaraq olduqca faydalı addımdır.
  • Soruşmaqdan, sual verməkdən çəkinməyək.
  • Yeni tanışlıqlar bizi qorxutmasın.
  • Bizimlə eyni mədəniyyətin nümayəndələrini axtarıb onlarla ünsiyyət qurmağa çalışmayaq.
  • Öncədən səyahət edəcəyimiz coğrafiyanın yerli adət, ənənə, qayda və qanunları haqqında olduqca geniş məlumat əldə etmək bizə çox kömək edəcək. İnanın ki, Parisdə yerli restorana daxil olan zaman “Bonjour” yerinə “Hello” və ya “Hi” deyə personalı salamlasanız onlar tərəfindən heç də qonaqpərvər şəkildə qarşılanmayacaqsınız. Və ya Yeni Zellandiyada bütün restoranlarda adi suyun ödənişsiz şəkildə təklif olunduğunu bilmək sizi həm maddi həm də fiziki olaraq “yükdən” azad edəcək.
  • Üzləşdiyiniz yeni mədəniyyətə qarşı qərəzli düşüncə və davranışlardan uzaq olmağa çalışın.

Ümid edirik ki, yuxarıda qeyd olunan məlumat və tövsiyələr səyahətinizin arzuladığınız kimi keçməsinə yardımçı olacaq. Nəzərinizə çatdırmaq istəyirik ki, “ERATOUR” komandası ilə öyrənmək üstünlükdür. Səyahətlə qalın!