Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının “Yay mövsümünə hazırlıq” mövzusunda IV Baş Assambleyası keçirilib.
Dövlət-özəl sektor arasında əməkdaşlığın inkişafı, sənaye subyektləri ilə əlaqələrin genişləndirilməsi, ölkənin turizm imkanlarının xarici bazarlarda tanıtımı, eləcə də turist cəlbediciliyinin və xidmət keyfiyyətinin artırırılması məsələləri mayın 14-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının “Yay mövsümünə hazırlıq” mövzusunda keçirilən IV Baş Assambleyasındamüzakirə olunub.
Assambleyada Assosiasiyasının nizamnaməsinə əsasən quruma yeni İdarə Heyəti sədrinin və İdarə Heyəti üzvlərinin seçkisi keçirilib. Seçkinin yekun nəticəsi olaraq Göydəniz Qəhrəmanov yenidən İdarə Heyətinin sədri seçilib .
Assambleyada çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov öz ətrafında 170 turizm şirkətini birləşdirən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyətinin ölkə turizminin tərəqqisi, üzvlərin hüquqlarının qorunması və fəaliyyətlərinə dəstək göstərilməsi, Azərbaycanı xarici ölkələrdə cəlbedici turizm destinasiyası olaraq tanıdılması, eləcə də ölkəyə turist axınının artırılması üzərində qurulduğunu qeyd edib. O son illər ərzində ATAA-nın ölkə turizminin bərpası və inkişafı istiqamətində müxtəlif dövlət qurumları və təşkilatlarla, aviadaşıyıcılarla, beynəlxalq tərəfdaşlarla 300-ə yaxın görüş keçirdiyini, ikitərəfli və çoxtərəfli müzakirələrin aparıldığını diqqətə çatdırıb.