Ekoturizm - Sağlam həyat yaşa

Ekoturizm - Sağlam həyat yaşa

    Turizmin hazırda aktual olan növlərindən biri də ekoturizmdir. Ekoturizm yeni bir anlayış olub, son illərdə tez-tez işlədilir. Müxtəlif zamanlarda fərqli adlarla təqdim olunub; təbiət əsaslı turizm, yumşaq turizm, yaşıl turizm, məsul turizm, alternativ turizm, mədəniyyət turizmi, elmi turizm, aqro-turizm, araşdırma turizmi və s. 
Ekoturizm - ətraf mühit ekologiyası, təbiətin məqsədyönlü şəkildə qorunması, ona həssas yanaşılması zərurətidir.      Ekoturizm ətraf mühitə zərər verməyən, təbii sərvətlərin qorunmasını təmin edən və onlardan pərakəndə istifadəni məhdudlaşdıran bir turizm növüdür.
Bu termin ilk dəfə 1983-cü ildə meksikalı iqtisadçı Hektor Seballos-Laskurya tərəfindən təklif edilib. Həmin ifadə təbiətdən zövq almaq, onun dəyərini bilmək kimi mənalandırılıb. 1990-cı illərdə bu sahə turizmin bir növü kimi öz inkişaf dövrünü yaşamağa başlayıb. 
   Ekoturizmdə turist yox, ekoturist anlayışından istifadə olunur. Ekoturist təbiəti öyrənir, təmiz havada gəzintiyə çıxır, velosiped sürür, xalqın qədim adətlərini, müxtəlif rəqslərini öyrənir, təbii nemətlərdən hazırlanmış qidaları dadır və s. 
   Ekoturistlər, əsasən, kiçik qruplar kimi təşkil olunur. Onlar adətən otellərə yox, kənd evlərinə, təbiət qoynunda istirahətə üstünlük verirlər. Təbiətin qorunması üçün onun şərtlərinə əməl etməyə çalışırlar. 
   Ekoturizm kiçik müəssisələr şəklində təşkil edilir. Qədim memarlıq üslubunda tikilmiş yaşayış yerlərindən və yerli sərvətlərdən istifadəni nəzərdə tutur. Ekoturistlər yerli olduğu kimi, xaricilər də ola bilər.
   Ekoturizm təbiət turizmi olsa da, ondan bir qədər fərqlənir. Burada əsas məqsəd ətraf-mühitin qorunması, bioloji müxtəlifliyin qeydinə qalınmasıdır. Ekoturizm səfərləri yalnız əyləncə məqsədi güdməməlidir. Burada insanlardan təbiətə qarşı həssaslıq nümayiş etdirmələri də tələb olunur. 
   Hər kəs saf sudan, təmiz havadan, ekoloji cəhətdən təmiz olan mühitdən yararlanmaq və sağlam bir həyat yaşamaq istəyər. Əgər sizlər də bu cür əyləncədən zövq almaq, ekoturist olmaq istəyirsinizsə, ERATUR hər zaman dəstəkçiniz, yardımçınız ola bilər. Məkan seçmək sizdən istirahətinizi təşkil etmək bizdən!