SILDIRIM QAYALAR ÜZƏRİNDƏ ŞƏHƏR - ŞUŞA

SILDIRIM QAYALAR ÜZƏRİNDƏ ŞƏHƏR - ŞUŞA

17 məhəllə, 17 məscid, 17 bulaq      

       Qarabağın incisi - Şuşa şəhəri Azərbaycan üçün çox dəyərli bir məkandır. Bəs, bu şəhərin nə zaman və hansı məqsədlər üçün sıldırım qayalar üzərində salındığını bilirdinizmi?

       Qarabağ xanlığının yaradıcısı Pənahəli xan 1748-ci ildə Bayat, 1752-ci ildə Şahbulaq qəsrlərini inşa etdirsə də, dövrünün müdafiə tələblərinə cavab verən qalanın axtarışını davam etdirərək, nəhayət ki, Daşaltı və Xəlfəli çaylarının yataqlarına enən, uçurumlarla əhatə olunmuş əlverişli landşafta malik olan bir ərazini seçdi. Yayla yalnız təbii müdafiə imkanları zəif olan şimal və şərq tərəfdən müdafiə tikililərinə ehtiyac yaradırdı. Dövlətçiliyin qorunması məqsədilə Pənahəli xana strateji tələblərə cavab verən, düşmən hücumlarına sinə gərə biləcək qala-şəhərin salınması müyəssər oldu. 

      İlk dövrlərdə Pənahabad adlanan şəhər, sonralar strateji mövqe baxımından Şuşa qalası kimi tanındı. Şəhərin müdafiə divarlarından açılmış 4 qapıdan - Gəncə və İrəvan qapıları adından göründüyü kimi, Gəncə və İrəvan xanlığı ilə, digər Ağoğlan və adı bəlli olmayan dördüncü qapı Şuşanı ətraf kəndlərlə əlaqələndirirdi. Yerin təbii landşaftı qala divarlarının və bürclərin düzülüşünü müəyyən etməklə, enişli-yoxuşlu bir mənzərə yaradırdı. Qala divarları şəhəri əhatə edən sıldırım dağlar, onu əhatə edən meşələrlə alınmazlıq təəssüratı yaradırdı. 

    Ən maraqlısı odur ki, Şuşada 17 məhəllə, 17 məscid və 17 bulaq olub. Yəni hər məhəllənin öz bulağı və öz məscidi tikilib. Eyni zamanda hər məhəllənin öz hamamı da olub.

      1992-ci ildə xəyanət nəticəsində Şuşa şəhəri erməni terrorçuları tərəfindən işğal edilmişdi. Tam, 28 il Şuşa düşmən tapdağında qaldı. Amma Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı qüdrətli Ordu 2020-ci il noyabrın 8-də qədim şəhərimizi düşmən tapdağından azad etmişdi. Azəraycanın qəhrəman oğullarının həyata keçirdikləri "Şuşa əməliyyatı" bu gün də dillərdə əzbərdir. İgid qəhrəmanlarımız sıldırım qayalara dırmaşaraq düşmənin gözləmədiyi yerlərdən şəhərə daxil olmuş və erməni terrorçularını məhv etmişlər. 

     Bu gün Şuşaya səfər edib Cıdır düzünü gəzənlər sıldırım qayalara tamaşa etdikcə, Azərbaycanın qəhrəman oğullarının bu sıldırımlarla necə şəhərə yüksəldiklərinin heyranlığını yaşayırlar. 
Böyük Zəfər Şuşaya yeni həyat, canlanma gətirdi. Prezident İlham Əliyev Şuşa şəhərini “Azərbaycanın mədəniyyət paytaxtı” elan edib. 
   İndi Şuşada dalğalanan bayrağın kölgəsi bütün Qaqabağa düşür. Şuşanın məscidlərinin minarələrindən səslənən azan səsi şəhidlərimizin ruhunu şad edir.
    271 illik əzəmətli tarixə malik Şuşa getdikcə təkcə Azərbaycanın deyil, Qafqazın, böyük türk və islam dünyasının, ümumilikdə dünyanın mədəni və diplomatik mərkəzinə, sivilizasiyalararası dialoqların keçirildiyi məkana  çevrilir.   
   
   Əgər sizlər də tarixin  izlərini  daha  yaxından görmək,  duymaq istəyirsinizsə, Şuşa turlarımıza müraciət edə bilərsiniz.