Azərbaycanda turizm sektoru böyük potensiala malikdir. Həm də turizmin əksər növlərinin inkişafı üçün imkan var.
Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılıb. Bura "Qılınc" palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi uğurla icra olunub.
Azərbaycan isə palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları, əsasən, Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb.
Bəs, buraya gələn turistlər nə görəcəklər?
Kompleksin Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərəcək. Mərkəz sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, eləcə də ölkəmizin hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.Kompleksdə "Qılınc" palçıq vulkanını yaxından izləmək olar. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirib. 20 hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə "Qılınc" vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir.
Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə böyük maraq doğurur. Sərginin guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, ölkəmizin təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər sərgilənir. Nümayiş etdirilən bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir.
Bir sözlə, sərgi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. O da təqdirəlayiq haldır ki, uşaqların və məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir. Burada, eləcə də milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran haqqında məlumat verilir.
Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin müxtəlif yerlərindən gətirilmiş nadir qiymətli daşlar, kristallar və geoloji nümunələrlə tanış olacaqlar.
110 nəfərlik restoran, turistlərin vulkanları izləməsi üçün piyada yolu, müşahidə nöqtəsi və meydança... Bütün bunlar turistlərin rahatlığı üçündür və Azərbaycanda turizmin inkişafına önəm verildiyinə daha bir nümunədir.