İtaliya Rivierasında, Liquriya dənizinin Tiqullio körfəzində yerləşən Portofino rəngarəng evlərlə əhatə olunmuş kiçik liman şəhəridir. Portofino romantik və dinc atmosferi ilə zəngin və məşhur insanların ən çox seçdiyi kurort bölgəsidir. Evlərdən hündür olan ultra lüks yaxtaların yan aldığı limandakı kiçik balıqçı qayıqları, sahil boyu uzanan rəngarəng boyalı binalar bu şəhərin şöhrətini bütün dünyaya yayıb.
Bura bir vaxtlar Roma müstəmləkəsi olduqdan sonra 1129-cu ildə Genuya Respublikasının hakimiyyəti altına keçib. Fransız, ingilis, ispan və avstriyalıların da işğal etdikləri Portofino hətta XVI əsrin müəyyən bir dövründə dəniz quldurlarının hakimiyyəti altında olub. XIX əsrin sonlarından etibarən əvvəlcə ingilislər, sonra digər Şimali Avropa ölkələrindən olan varlı turistlər Portofinoya gəlməyə başlayıblar və beləliklə, bu şəhər Avropa aristokratiyasının sevimli turizm istiqamətinə çevrilib. Hazırda dünyada elit təbəqənin ən çox üz tutduğu kurort şəhəri olan Portofino hər zaman ən keyfiyyətli kurortlar siyahısında yer alıb.Portofino 1920-ci ildə Təbiət Parkı elan edilib. O vaxtdan bəri burada yeni bina tikilməyib, hansısa tikilidə dəyişiklik olunmayıb, evlərin rəngi belə dəyişməyib. Bu şəhərdə evlər satılmır. Lakin burada ev sahibi olmaq iki şərtlə mümkündür: ev sahibinin vəfat etdiyi və ya varislərin evi satmağa razı olduğu təqdirdə. Əgər evi almaq əvəzinə, icarəyə götürmək istəsəniz, hər kvadratmetrinə 50 min avro ödəmək lazımdır.
Dünyanın ən məşhur otellərindən biri və özünəməxsus mənzərəsi ilə Portofinodakı 5 oteldən biri olan “Splendido” da burada yerləşir. Bura elit təbəqənin üz tutduğu yerdir. Otelə giriş-çıxışa nəzarət polis tərəfindən təmin edilir. Otelin şöhrəti Vindzor hersoqunun buraya səfərindən və otelin xatirə kitabında atdığı imzadan qaynaqlanır. Uinston Çörçill, Alen Delon, Madonna, Elizabet Teylor, İnqrid Berqman, Loren Bekol kimi aktrisalar, eləcə də digər məşhur simalar istirahət üçün bu oteli seçiblər.Portofinonun populyarlığının digər səbəbi “Mənim ədalətli xanımım” filmi ilə məşhur olan aktyor Reks Harrisonun “Splendido” otelinin arxasındakı villanı alması ilə başlayıb. İtaliyanın sabiq Baş naziri və “İrəli, İtaliya” (“Forza Italia”) Partiyasının sədri Silvio Berluskoninin malikanəsi də buradadır. Bu malikanə 2002-ci ildə “Dolce&Gabbana”ya satılıb.
Kastello Braun Portofinonun məşhur fotolarını çəkmək və ya buranın heyrətamiz mənzərəsini yüksəklikdən seyr etmək üçün ən ideal yerdir. San Giorgio kilsəsi, Portofino mayakı və Museo Del Parko bu kiçik şəhərdə turistlərin ən çox üz tutduqları yerlərdir. Elə də böyük olmayan Paraggi çimərliyi isə narın qumlu sahili, firuzəyi mavi sulara uzanan ecazkar yamyaşıl təbiəti və dağ mənzərələri ilə buraya gələnləri valeh edir.