Azərbaycan COP29-a hazırlaşır
Turizm və iqlim dəyişikliyi gündəmdədir
Sentyabrın 25-də Qırğızıstan Respublikasının Cəlal-Abad şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Turizm nazirlərinin 9-cu iclası və Turizm üzrə işçi qrupunun 19-cu iclasında Dövlət Turizm Agentliyinin nümayəndə heyəti iştirak edib.
İclas çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Xizək Kurortları İttifaqı haqqında geniş məlumat verilib, hazırda 4 ölkənin (Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan) üzv olduğu ittifaqa qoşulmağa digər TDT ölkələri də dəvət edilib.
Turizm nazirlərinin 9-cu iclasında çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə öz növbəsində cari ilin noyabr ayında ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasına ev sahibliyi edəcəyi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
O, ilk dəfə COP29-un tematik proqramına turizm mövzusunun inteqrasiya edildiyini və 20 noyabrın “Turizm günü” olaraq təyin edildiyini vurğulayıb.
“Turizm günü” çərçivəsində təşkil ediləcək “Turizm sahəsi üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin yüksək səviyyəli 1-ci Görüşü”nə üzv dövlətlərin turizm nazirləri dəvət edilib.