Təhsil turizmi nədir?

Təhsil turizmi nədir?

Təhsil turizmi – bilik və ya bacarıq qazanmaq, yaxud mövcud bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş turizm formasıdır.

Təhsil turizmi elmi-akademik, mədəni, ekoloji, könüllülük və ya biznes fəaliyyəti kimi bir çox temalı səfərləri özündə birləşdirir.

Ümumiyyətlə, təhsillə bağlı uzun səyahətlər etmək yeni anlayış deyil. Amma müasir dövrdə anladığımız kimi genişmiqyaslı və əhatəli təhsil turizminin başlanğıcı olaraq XVII əsri qəbul etmək mümkündür. Məlumdur ki, 17-ci əsrdən etibarən çox sayda ingilis aristokrat ailələrindən olan gənclər təhsillərini davam etdirmək üçün Avropanın müxtəlif ölkələrinə səfər ediblər. 

Buna görə də təhsil turizmin obyektləri tanınmış universitet korpuslarından tutmuş kiçik kənd evlərinə görə çox geniş müxtəlifliyə sahibdir. Təhsil turizmi beynəlxalq elmi araşdırma proqramları, dil məktəbləri, tələbə mübadilə proqramları, beynəlxalq və ya yerli könüllülük fəaliyyəti, forum və konfrans kimi çoxsaylı formalarda reallaşa bilər. 
Əksər hallarda teatr, muzey, tarixi ərazilərə səfərlər kimi maarifləndirici tədbirlər, o cümlədən rəqs axşamları, film nümayişləri, müxtəlif oyunlar kimi əyləncəli fəaliyyət də təhsil turizmi proqramlarına daxil edilir.

İqtisadi, siyasi, sosial, hüquqi, ekoloji və texnoloji faktorlar əksər turizm növlərində olduğu kimi təhsil turizminə az və ya çox təsir göstərir.

Çox sürətlə inkişaf edən və reallaşma formaları getdikcə daha da müxtəlif hal alan təhsil turimi öyrənmə, şəxsi inkişaf, istirahət və əyləncə kimi bir çox məsələləri əhatə edir. Əlbəttə ki, səfərin məqsəd və predmenti, o cümlədən öyrənmə və öyrətmə metodlarının müxtəlifliyi də təhsil turizmində tələb və təklif yelpiyinin çox geniş olmasına səbəb olub.

Turizmin bu növündə tələbə mübadilə proqramları da mühüm rol oynayır. Təhsilyönümlü bilik və bacarıqların artırılması, digər xaqın dili, mədəniyyəti və tarixi ilə tanışlıq, yeni dilin mənimsənilməsi, yeni təhsil fürsətləri, eləcə də xarici universitetlərin təklif etdikləri təhsil imkanları ilə birbaşa tanış olmaq üçün tələbə mübadilə proqramları böyük fürsət hesab olunur.