Norveçin "Preikestolen" möcüzəsi

Norveçin "Preikestolen" möcüzəsi

Zəngin tarixə, bənzərsiz təbiətə və yüksək həyat səviyyəsinə malik ölkələrdən biri olan Norveç həm də mənzərəli fyordları, nəhəng qayaları, bolsulu şəlalələri ilə tanınır. 
Ölkə Şengen zonasının bir hissəsidir, lakin Avropa İttifaqına (Aİ) daxil deyil. Müstəqilliyini qoruyaraq, Avropa İqtisadi Zonası vasitəsilə Aİ ilə əməkdaşlıq edir.
Norveç Nobel Sülh Mükafatının Vətənidir. Hər il mükafatlandırma mərasimi paytaxt Osloda keçirilir.

Norveçin ən görməli yerlərindən biri "Preikestolen" qayasıdır.
“Preikestolen” (tərcümədə - “keşiş stulu”, keşişin ibadət etdiyi minbər) qayası, yaxud “Pulpit Rock” (tərcümədə "minbər qayası”) dünyanın hər yerindən turistləri cəlb edən məşhur Norveç uçurumudur.
Maraqlıdır ki, XX əsrə qədər buranın fərqli bir adı olub - "Hyvlatonnå" (“düz diş”), lakin turistləri cəlb etmək üçün onun adı dəyişdirilərək yuxarıdakılar kimi adlandırılıb. 

Zirvəyə yürüş üçün ən əlverişli dövr apreldən oktyabr ayına qədərdir. Bu, ilk növbədə hava şəraiti ilə bağlıdır. Qışda qalxmaq məsləhət görülmür, çünki uçuruma gedən yol çox sürüşkən olur və dırmaşmaq təhlükəlidir. "Preikestolen"ə yürüş orta çətinlikdə olsa da, bir çox insanlar üçün əlçatandır, hər iki istiqamətdə təxminən 4-5 saat çəkir və çox mənzərəlidir.
"Preikestolen"də tutacaqlar, qoruyucu strukturlar yoxdur və ən cəsarətli yürüşçü qayanın tam kənarında dayana və ya otura bilər. Lakin bu, böyük diqqət və risk tələb edir. Ekstrim və foto çəkdirmək həvəsi bir anlıq həyatın sonunu gətirə bilər, necə ki, müxtəlif vaxtlarda bura bir neçə turistin həyatını sonlandırıb. Uçurumun ortasında əlavə bir "şövq" yaradan nəhəng vahiməli çat var. Düşünürsən ki, o çat getdikcə dərinləşə bilər. Ancaq qorxmalı bir şey yoxdur, burada məzəli bir əfsanə var ki, "Preikestolen" yalnız bir kənddən olan 7 bacı qonşu kənddən olan 7 qardaşla evləndikdə dağılıb parçalana bilər. Norveçlilər də inanırlar ki, qədim zamanlarda Preikestolendə bütpərəst tanrılara qurbanlar kəsilirdi. 


“Lyse” adlı fyord üzərində yüksələn nəhəng "Preikestolen" qayası hündürlüyü 604 metr, zirvəsi isə təxminən 25x25 metr ölçüdə - 625 kv.metr olan düz platformadır. Unikal həndəsi fiqura bənzəyən düz səthi onun süni şəkildə düzəldildiyi təəssüratını yaradır. Hər il yüz minlərlə turist cığırla zirvəyə çıxmaq və möhtəşəm mənzərədən həzz almaq üçün buraya gəlir. Ərazi dünyanın ən gözəl yerləri sırasına daxil edilib. Misal üçün, “Lonely Planet” "Preikestolen"i 2015-ci ildə “mənzərəyə heyran olmaq üçün ən nəfəs kəsən yerlərdən biri” adlandırdı.
 

"Preikestolen" zirvəsi sözlə ifadə olunmayacaq qədər gözəldir. Bura sosial şəbəkələrdə məşhurlaşan fotosessiya və videolar hazırlamaq üçün əla yerdir. 
Bura haqqında daha bir neçə maraqlı məlumatı da var. Sən demə, Preikestolen havasından “doldurulan” şüşələri eBay-də satışa çıxarılıb. Reklamda deyilirdi ki, “Pulpit air” sizə gözəl fyordları, qarlı zirvələri və heyrətamiz şəlalələri xatırladacaq təzə Norveç havasıdır. Preikestolen televiziya ekranlarının ulduzudur. "Vikinqlər" serialının ikinci mövsümünün son bölümünün final səhnəsində baş qəhrəman Raqnar Preikestolenin üstündə oturur. Və məşhur "Missiya: Mümkünsüz - Fallout" filminin səhnələrindən birində Hollivud ulduzu Tom Kruz Preikestolendəki uçurumun yamacına dırmaşır...
 
Preikestolen ətrafı da maraqlıdır. Burada Lysefyord, Vorinqsfossen şəlaləsi və Kjeragbolten kimi bir çox başqa görməli yerlər var.