Azərbaycanda yay turizm mövsümü açıq elan olunub.
İyunun 13-də Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media nümayəndələri üçün Şahdağa mediatur təşkil edilib.
Mediaturun əsas məqsədi Azərbaycanda yay turizminin inkişafı və təbliğinə dəstək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən tədbirləri, o cümlədən mövcud turizm destinasiyalarını və xidmətləri geniş ictimaiyyətin diqqətinə çatdırmaq, həmçinin "Şahdağ" Turizm Mərkəzində aparılan infrastruktur yenilikləri və ziyarətçilər üçün yaradılan yeni imkanlarla bağlı məlumat verməkdir.
Tədbir çərçivəsində turizm sənayesinin yay turizm mövsümünə hazırlığını, eləcə də “Şahdağ” Turizm Mərkəzində yay mövsümündə turistlər üçün nəzərdə tutulan mövcud və yeni turizm məhsullarını əhatə edən təqdimatlar olub.
Bildirilib ki, 2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11.5 milyard manata, turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8,2 faizə, turizm üzrə daxilolmaların 7.4 milyard manata çatacağı proqnozlaşdırılır.
Ötən il turizm sektorunun ölkə iqtisadiyyatında payı 4,5 faiz, o cümlədən qeyri-neft və qaz sektorunda isə 6,7 faiz olub. 2018-2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti növü üzrə ÜDM istehsalı illik orta hesabla 3,8 faiz artıb, bunun nəticəsində 7 il ərzində bu sektorda yaradılan əlavə dəyərin 30 faiz yüksələrək 2024-cü ildə 3.1 milyard manata çatıb.