Dini - inanc turizmi nədir?

Dini - inanc turizmi nədir?

Dünyada inkişaf etmiş turizm növlərindən biri də dini turizmdir. Belə ki, hər il 300 milyondan çox insan dini səbəblərlə bağlı turist səyahətinə çıxır. Bu səyahətlər nəticəsində əldə edilən turizm gəliri 18 milyard dollardan çoxdur.  
Dini turizm (inanc turizmi və ya mənəvi turizm) - dini hökmləri yerinə yetirmək, dini abidələri ziyarət etmək və ya dinlərin müxtəlif dövr tarixlərini öyrənmək məqsədiylə edilən səyahətlərdir.

Analoji olaraq mənəvi turizm mənəvi məqsədlərlə edilən səyahətləri əhatə edir. Bu, dini turizm ola bilər, amma bəzən daha geniş mənalar da daşıya bilər.

Dünya Turizm Təşkilatının məlumatına görə, qlobal böhran səbəbilə beynəlxalq turizmdə azalma müşahidə olunsa da, dini məqsədlə ziyarətlərdə bu baş vermir. Bunun səbəbi isə insanların bu cür ziyarətləri bir istirahət olaraq deyil, vacib olaraq görməsidir. Dünya Dini Turizm Birliyinin məlumatına görə, dini turizm dünyada ən sürətlə böyüyən turizm növlərindən biridir. Hər dörd insandan biri səyahətlərində din mərkəzlərinə maraq göstərir.

Azərbaycanda dini turizm yalnız müqəddəs abidələri ziyarət deyil, həm də mədəniyyətlərarası dialoq, tarixi dəyərlərin anlaşılması və mənəvi zəngərlik anlamını verir. Azərbaycan dövlət səviyyəsində bu sahəni dəstəkləyir, bərpa və təbliğ işləri aparır. Sülh və tolerantlıq mühiti, müxtəlif dini icmaların harmoniya içində yaşaması dini turizmi həm yerli, həm də xarici turistlər üçün cəlbedici edir.