Təmiz hava, yaşıl meşə, buz bulaq - Göygöl

Təmiz hava, yaşıl meşə, buz bulaq - Göygöl

Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin, o cümlədən kənd turizminin sürətli inkişafı prosesi gedir. İndi istər yerli, istərsə də xarici turistlərin kənd evlərində yaşayıb istirahət etmək həvəsi daha da artmışdır. Belə istirahət bölgələrindən biri də Göygöl rayonudur. 
Göygöl füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Bu abidələr tarixin müxtəlif dövrlərini əks etdirərək xalqımızın milli-mənəvi və mədəni dəyərlərini özündə yaşadır. Rayonda mövcud olan 32 yerli və ölkə əhəmiyyətli tarixi abidə qeydiyyata alınmışdır. Onlardan 9-u arxeoloji, digərləri memarlıq abidələridir. Yeri gəlmişkən qeyd edək ki, Göygöl rayonu Azərbaycanın qərbində, dağlıq və dağətəyi zonada yerləşir. Ən yüksək zirvəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir. Unikal təbiəti, zəngin flora və faunası olan rayonda kənd turizmi üçün geniş imkanlar vardır. Məhz buna görə son illər kənd turizminin inkişafı istiqamətində burda çoxlu sayda tədbirlər həyata keçirilir. 


Məlum olduğu kimi, kənd turizmi dedikdə əsasən kənd mühitində müvəqqəti yaşamaq üçün xidmət fəaliyyəti nəzərdə tutulur. Kənddə yaşayan yerli əhali üçün bu fəaliyyət növü onun əsas peşəsinə təsir göstərmədən, yəni alternativ fəaliyyət kimi nəzərdə tutulur. Bundan başqa, kənd turizmi rayonun adət-ənənəsinin, mətbəx və digər mədəni-məişət sahələrinin təbliğində də mühüm vasitə hesab olunur. Ən vacib məqam isə insanların səs-küylü şəhər mühitindən uzaqlaşması, təbiətin qoynunda yerləşən kənd evlərində müvəqqəti yaşayıb istirahət etməsi, ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə qidalanmasıdır. 
Bu baxımdan Göygöl rayonunun kəndləri turistlər üçün daha əlverişlidir. O üzdən isti yay günlərində Göygöl Milli Parkına yaxın ərazilərdə yerləşən Çaykənd, Şəriyar, Yeni Zod, Aşıqlı, Toğanalı və digər kəndlərdə istirahət edənlərin sayı-hesabı olmur. Qonaqlı-qaralı kəndlərdən biri də Aşıqlıdır. Kəndin 2500 nəfərdən çox əhalisi var. Rayon mərkəzindən cəmi 5 kilometr məsafədə yerləşən və kənd hər cür infrastrukturla təmin edilib. Asvalt yol, su, qaz, elektrik təminatı yüksək səviyyədədir. Kəndə daxil olanda ilk növbədə yol kənarlarında bişirilən təndir çörəkləri, qutab və kətələrin ətri adama iştah gətirir. 
Kəndin ərazisində çoxlu sayda istirahət mərkəzləri fəaliyyət göstərir. 400-dən çox təsərrüfatı olan Aşıqlı Hacıkənd və Göygölə gedən yolun üstündə yerləşdiyindən insanlar burada qalmağa daha çox üstünlük verirlər. Odur ki, turist qəbul edən hər bir ev sahibi kirayə verdiyi evini hər mövsüm öncəsi cari təmir etdirir, turistlərin rahatlığı üçün lazımi şərait yaradırlar. Kirayə haqqı da elə yüksək olmur - bir günlük 20-30 manat.