Qəbələnin kanat yolunu yəqin ki, çoxlarınız görmüsünüz. Azərbaycanın ən maraqlı turizm məkanlarından biridir bura.
Bu gün turizm sektoru Qəbələ rayonunda iqtisadiyyatın ən əlverişli sahəsi olmaqla bərabər, kiçik və orta sahibkarlıq üçün də möhkəm baza yaradır. Yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır.
Bu mənada “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi bölgənin ən çox turist qəbul edən obyektlərindən biridir. Buradakı kanat yolları isə Qəbələnin simvollarından birinə çevrilib.
Hazırda kompleksdə 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir. Kompleksdə turistlərin istirahətinin mənalı təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli tikilib, dağ-xizək trassı süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleks 3 min nəfərə xidmət göstərə bilir.