Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və.s. kimi adlandırılmışdır. Böyük Qafqazın cənub yamacında yerləşir. Mərkəzi Şəki şəhəridir. Şəki rayonunun şimalı Baş Qafqaz silsiləsinin cənub yamaclarına, mərkəzi hissəsi Qanıx-Əyriçay vadisinə, cənubu Acınohur alçaq dağlığına daxildir.Dağlar arasında Şəki rayonunda Acınohur çökəkliyi (100–200 m) və Şəki yaylası (200–400 m) ayrılır. Mütləq hündürlük Baş Qafqaz silsiləsinin suayrıcısında 3683 m-ə qədər yüksəlir.
Şəkinin təbiəti çox rəngarəngdir. Burada çoxlu heyvan və bitki növləri mövcuddur. Qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən meşə, boz qonur torpaqlar geniş yayılmışdır. Meşələrdə palıd, fıstıq, qoz ağacları üstünlük təşkil edir. Heyvanat aləmi zəngindir.
Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühüm turizm regionuna çevrilmişdir.
Qışda arktik və mülayim hava kütlələrinin əraziyə daxil olması havanın isti keçməsinə səbəb olur. Yayda Şəkidə dağ-dərə yerli küləkləri əmələ gəlir. Buna səbəb dağ ilə dərə arasında təzyiq fərqinin yaranmasıdır. BöyükQafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin qarşısını kəsir. Buna görə Şəkidə yanvar temperaturu 0,5 °C olur. Şəkidə orta illik temperatur 12 C-dir. İyun, avqust aylarında orta temperatur 20–25 °C arasında dəyişir.
Şəki rayonunun əhalisi 184172 nəfərdir. Onlardan 68360 nəfəri şəhər, 115812 nəfəri kənd ərazisində yaşayır.
Şəkinin görməli yerləri:
Çələbi Xan Restoranı, Şəki Xan Sarayı, Dairəvi Məbəd və ya Nuxa Üçmüqəddəs Kilsəsi,Yuxarı Karvansaray,Kiş Alban Məbədi
Şəki mətbəxi
Şəki mətbəxi dedikdə ənənəvi olaraq Şəki paxlavası və piti yada düşür. Digərlərinə nabat qaynadılmış şəkər və şirin peşvəng daxildir.
Şəki xan sarayı (həmçinin Şəki xanları sarayı) — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə fars üslubunda inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir.
30 metr uzunluğa malik olan iki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulmuşdur.
Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biri hesab edilir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray Ümumdünya irsidir.
Şəki xan sarayının niş təsvirləri üçün əsas xarakterik cəhət onların stalaktitlərdə XVIII əsrdə çəkilmiş rəsmlər və frizlərdəki ov və döyüş səhnələrindən fərqli olaraq müstəqil süjet kompozisiyasına malik olmamalarıdır. Buradakı quş və heyvan rəsmləri güllərdən təşkil edilmiş rəsm kompozisiyaları ilə ümumi görünüş təşkil edir.
Dairəvi məbəd,Nuxa Üçmüqəddəs kilsəsi (rus. Нухинская трехсвятительская церковь) və ya Nuxa Müqəddəs kilsəsi" (rus. Нухинская Святительская церковь) — Şəki şəhərindəki Nuxa qalasında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi. Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.
Dairəvi məbədin əsas hisəsinin (artırmalarsız) üstü günbəzlə tamamlanır və bu ilkin hissə memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Həmin səbəbdən də bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər.Lakin XX əsrin ortalarında mütəxəssislər Nuxa qalası ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərazini əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir. Dairəvi məbəd XIX əsrin ən geci 1853-cü ildən XX əsrin əvvəllərinə qədər indiki Şəki şəhərində fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi idi.
Kilsə binası təmiz yonulmuş əhəngdaşı ilə əvvəl dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar isə ona üç tərəfdən çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmiş və o xaç formasına (yuxarıdan baxdıqda) salınmışdır. Bu iş 1853-cü ilə qədər baş vermişdir. Belə ki, Nuxa qalasının 1853-cü il planında artlq kilsə binası xaç şəklinə salınmış əlavələri ilə birlikdə göstərilir.
Nuxa qalasının 1819-cu il təsvirində kilsə haqqında heç bir qeyd yoxdur. Lakin təsvirdə Nuxa qalasındakı bir çox tikililərin özləri və koordinatları barədə məlumat verildikdən sonra, həm də qeyd edilir ki, "qaladakı Şəkinin rəhbərlərinə aid olmuş digər tikililər əsgərlər və xoylular tərəfindən tutulmuşdur". Bu qeyddən isə məlum olur ki, həmin vaxt qalada mövcud olmuş tikililərin bəziləri təsvirdə göstərilməyə də bilər və bu səbəbdən də, kilsənin 1819-cu ildə Nuxa qalasında mövcud olub-olmamasını Təsvir əsasında dəqiqləşdirmək mümkün deyil.
Kiş kilsəsi və ya Müqəddəs Yelisey kilsəsi – Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var.
"Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60-cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar.
Alban apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır ki, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində (Gis) tikilməsi haqda məlumatlar var.
1824-cü ildə Şəki əyalətində əhalinin ilk siyahıyaalınması zamanı Kiş kəndində 1 nəfər də olsun xristian, o cümlədən xristian din xadimi qeydə alınmamışdır. Rəşid bəy Əfəndiyevin şəhadətinə görə də 20-ci əsrin əvvəllərində Kiş kəndində 1 nəfər də olsun xristian yox imiş, amma o, qeyd edir ki şəhərdə, yəni Nuxa (Şəki) şəhərində məskən salmış Zuğ (زوغ) (Tuğ?) erməniləri kilsəni "… mənimsəmişlər və divarının üzünə suvaq vurub üstünə dəmir çəkmişlər. Bu minvalı zahirisini asarü-ətiqəlik (tarixi abidə) halından çıxarmışlar". Rəşid bəy həmçinin, bu kilsənin "həvarilərdən zamanından qalma" olduğunu vurğulamaqla yanaşı, həm də qeyd etmişdir ki abidənin ətrafında qazıntılar aparılarsa "gözəl nəticələr verməyi şübhəsizdir".