Bu gün - sentyabrın 27-də beynəlxalq ictimaiyyət Ümumdünya Turizm Gününü qeyd edir.
Beynəlxalq Turizm Təşkilatı 1979-cu il sentyabrın 27-də Ümumdünya Turizm Gününü təsis edib. Bu gün Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsində turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, ölkəmizin Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə sentyabrın 29-da “Turizm işçiləri günü” də qeyd olunur. Bununla yanaşı, dövlətimizin başçısının bu il avqustun 2-də imzaladığı “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında” Fərmanla Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində “Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Ölkəmizdə turizm sektorunun inkişafı üzrə görülən bütün tədbir və fəaliyyətlərin əsas məqsədi yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir xidmət sahələrinin formalaşdırılması, bu sahənin ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətlərindən birinə çevrilməsini təmin etməkdir. Zəngin tarixi-mədəni irs, əlverişli təbii-coğrafi şərait və müasir istirahət mərkəzləri Azərbaycanı dünyanın turizm mərkəzlərindən birinə çevirir. Bu gün ölkəmizin turizm marşrutları üzərində yerləşən rayonlarda müxtəlif turist layihələri, o cümlədən turistlərin sayının artırılması və çoxçeşidli turizm məhsulunun yaradılması istiqamətində proqramlar həyata keçirilir.