Qarabağ bölgəsində həm tematik, həm də regional (klaster) yanaşma əsasında yeni turizm məhsulları formalaşdırılır.
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə bildirib ki, azad edilmiş ərazilərdə “qara turizm” (“black tourism”) sahəsinin də inkişafı nəzərdə tutulur. Belə ki, işğaldan azad olunmuş ərazilərdəki dağıntılar, izlər qorunmalı, bəziləri açıq hava muzeyinə çevrilməlidir. Məqsəd həm yerli əhalinin, həm də xarici turistlərin müharibənin fəsadlarını və işğal tarixini görməsidir. Bu da turizmin bir sahəsi ola bilər.
Ağdam şəhəri bu baxımdan mühüm mərkəz olacaq və demək olar ki, yaxın illərdə bölgənin əsas şəhərlərindən birinə çevriləcək. Orada beynəlxalq tədbirlər və konfranslar üçün geniş imkanlar yaradılacaq. Hər bölgəyə fərqli yanaşılsa da, ümumi yanaşma budur ki, Qarabağda turizm inkişaf etdirilməlidir.
Qeyd edək ki, dünyada “qara turizm”dən yararlanan kifayət qədər səyahətsevər var.
Adından da göründüyü kimi, “qara turizm” tarixi mənada savaşlar, faciələrlə bağlı xüsusi yerlərə edilən səyahət növüdür. Bu turizmlə bağlı dünyanın müxtəlif ölkələrində açıq muzeylər və abidələr, memorial komplekslər mövcuddur. İnsanlar həmin məkanlara səyahət edərək həmin ölkənin və oranın yerli xalqının yaşadığı tarixi faciələrlə real tanış olurlar.
Düzdür, tarixi mənbələrdə həmin faciələrlə bağlı zəngin məlumatlar olur. Amma vizual görüntü ömürlük şüuraltı yaddaşa çevrilir.
Bu gün dünyada xeyli sayda “qara turizm” məkanları olsa da, 2020-ci ildən sonra onun ən böyük nümunəsi Azərbaycan ərazisində yarandı. İkinci Qarabağ müharibəsində Azərbaycanın işğal altında olan torpaqları 30 ildən sonra azad edildikdə bəşəriyyət dəhşətli mənzərəyə şahidlik etdi. 30 il Qarabağı işğal altında saxlayan Ermənistan bu torpaqlarda daşı-daş üstündə qoymamışdı. Erməni vandalizminin əyani təzahürü olan bu dağıntılar bəlkə də dünyanın ən vahiməli “qara turizm” məkanı kimi tanındı. Müharibədən sonra dünyanın ən müxtəlif ölkələrindən jurnalistlər, diplomatlar, səyahətçilər Qarabağa səfərləri zamanı demək olar ki, şok yaşadılar. Əcnəbi vətəndaşlar Ağdamın dəhşətli görüntüsünə tamaşa etdikdən sonra bu şəhəri “Qafqazın Xirosiması” adlandırdılar.
Ağdamda açıq havada salınan İşğal Muzeyi, qədim tarixə malik Çörək Muzeyi, Memoriql Bağ kompleksi gələcəkdə “qara turizm”in ən real nümunəsi olacaq. Dünyanın “qara turizm” həvəskarları bu tarixi məkanlara səyahət etməklə erməni dəhşətlərinə canşı şahidlik edəcək..