Bəzən bir toxunuş, bəzən bir baxış, bəzən də bir söz bəs edər onun haqqında xoş təəssürat yaratmağa. Xoş təəssürat ona görə deyirik ki, onun haqqında mənfi bir şey düşünmək mümkün deyil. İncəlik onda, zəriflik onda, gözəllik onda rəngarəng çalarlar onda, naxışların dəqiqliyi də onda...
Bəlkə də Çarqat adını ilk dəfə eşidirsiniz. Çünki Azərbaycanın ayrı-ayrı bölgələrində onun müxtəlif adları var. Bu, xanımlar üçün böyük baş yaylığıdır. Bəzi bölgələrimizdə ona Carqat, bəzilərində Kəlağayı, bəzi yerlərdə isə sadəcə, baş yaylığı deyilir.
Qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyünə bəzi bölgələrdə çarqat da deyilir. Çünki ara ipəyi dördqat ipək telindən ibarət olduğu üçün o çarqat (çahar qat) adlandırılır.
Kələğayı naxışlarının müəyyən sistemi var və onu hazırlayan hər kəs o sistemə riayət etməlidir. Çarqatın üzərindəki naxışlar kainatın, dünyanın quruluşunu təsvir edir. Örpəyin kənarındakı haşiyə dağ anlamındadır və bu, sanki insanları qoruyur. Ortadakı haşiyə isə o biri dünyanı təsvir edir və naxışlardan göründüyü kimi, o dünya indikindən daha rəngli və mürəkkəbdir.
Kəlağayı sosial vəziyyətindən asılı olmayaraq, əsrlərlə hər bir Azərbaycan xanımının önəm verdiyi sevimli baş örtüyü olub. Qadınlar yaş fərqlərinə və eyni zamanda həyatlarında baş verən hadisələrə uyğun müxtəlif rəngli kəlağayılardan istifadə ediblər. Yaşlı qadınlar tünd, qız və gəlinlər isə açıq, əlvan çarqat örtərlərmiş. Tarix boyunca bu zərif ipək örtüklər eyni zamanda toyun, yeni başlanğıcın, büsatın, gənc ailələrin rəmzi olaraq da qəbul olunub.
2003-cü ildən Azərbaycanın dilbər guşələrindən olan İsmayıllı rayonunun Basqal qəsəbəsində "Kəlağayı" İpək Mərkəzi fəaliyyət göstərir. Həmçinin Basqalda unikal interaktiv “Kəlağayı” muzeyi yaradılıb. Muzeyə gələn turistlər, ziyarətçilər kəlağayının tarixi və ənənələri ilə tanış ola, eləcə də sənətin yaranma prosesini canlı görüb, hətta məhsulun hazırlanmasında da iştirak edə bilirlər. Ona görə də bu muzey turistlərdə çox maraqlı və xoş təəssürat yaradır.