İsmayıllı uzun müddət eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvələrində yaranmış Albaniya dövlətinin tərkibində olmuşdur.Əhalisi 80 min nəfərdən çoxdur.İsmayıllı rayonu 1931-ci il noyabr ayının 24-də yaradılmışdır. İsmayıllı rayonu əsasən Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan-Həftərxan vadisində, qismən Şirvan düzünün şimal hissəsində yerləşir. Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayrıcı silsiləsində Babadağ zirvəsi 3629 m, Əsəddağ 3471m, Qaraburğa 3345m, Şahnəzərdağ 2874 m -dir.
İsmayıllı rayonu subtropik və qismən mülayim iqlim qurşağında yerləşir. Subtropik zonanın şimal sərhədi rayonun təxminən 550–650 m hündürlüyündən keçir. Bu zonadan yüksəkliyə doğru şaquli qurşaqlıq müşahidə edilir. Düzənlik və dağətəyi hissədə mülayim isti və qismən yarımsəhra-quruçöl, yüksək dağlıqda isə soyuq və dağ tundra tirləri formalaşır.Orta illik temperatur düzənliklərdə 14°–14.5°, dağətəyi və alçaq dağlıqda 11°–13°, orta dağlıqda 7°–9° , yüksək dağlıqda isə −0°-ə qədər azalır. Baş Suayrıcının yüksək zirvələrində isə hətta −2°–5°-ə qədər enməsi müşahidə olunur. İyulun orta temperaturu düzənliklərdə 22°–25°, orta dağlıqda 20°–15°, yüksək dağlıqda 10°–5°, yanvar ayının orta temperatur göstəriciləri isə düzənliklərdə 0°+4°, dağətəyi və alçaq dağlıqda 0°–3°, orta dağlıqda −3°–6°, yüksək dağlıqda isə −14°–15°-dən aşağı düşür.
İsmayıllıda gəzməli yerlər Qız qalası,Cavanşir qalası,Heydər Əliyev Parkı, Diyarşünaslıq muzeyi, İvanovka,Lahıc,Kəlağayı,Basqal.
İsmayıllının mətbəxi Pip dolması, Şah plov, İsmayıllı pendiri,Ismayıllı balı

Basqal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Basqal kənd Soveti ləğv edilərək, Basqal şəhər tipli qəsəbəsi mərkəz olmaqla Basqal qəsəbə Soveti yaradılmışdır.
Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub.
Basqal qəsəbəsi 1932–1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. "Basqal" toponimi təmiz türk sözüdür və "qala başı", "qala qur", "qala yarat", "qala ucalt", "baş qala" mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVII əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.[2] Basqal Azərbaycan SSR Nazirlər Sovetinin 28 iyul 1989-cu il tarixli 316 saylı qərarı ilə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan olunub.
2018-ci ilin 3 oktyabr tarixində "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərəncam imzalamışdır.

Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə.
Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.
1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.
Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların,həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.
1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.